Əfsanələr

  • PDF

Xalq arasında Sumqayıt adı ilə əlaqədar 10-dan çox əfsanə mövcuddur.

Birinci əfsanə: Karvan Abşeron səhrası ilə irəliləyir...hər gün olduğu kimi, yeddinci gün də günəş amansız surətdə yandırmağa başlayır. Adamlar yorulub əldən düşmüşlər. Ətrafda bir damcı su belə yoxdur. Karvanı tələf olmaq təhlükəsi gözləyir.

Ağsaqqal karvan başçısı kişiləri başına toplayır. Uzaqdan uca dağları  göstərərək deyir:

– Bizi, ailəmizi və karvanımızı xilas edə biləcək həyat suyu o dağın arxasındadır. Dağ isə suyun yolunu kəsmişdir. Onu yarmaq, parçalamaq lazımdır...

Susuzluq və yorğunluqdan əldən düşmüş adamlar başlarını  aşağı salırlar. Bunu görən Sum adlı enlikürək bir gənc irəli çıxır, su üçün gedəcəyini bildirir...

Sum karvandan uzaqlaşır... Qupquru düzənliyə tezliklə su gəlir. Qəhrəman Sum isə qayıtmır. Sumun sevgilisi Ceyran əllərini suya tərəf uzadıb nişanlısını çağırmağa başlayır:

– Sum, qayıt!.. Sum, qayıt!..

Sumdan xəbər gəlmir... Ceyranın ümidi kəsilir... Sevgilisinin fəlakətə düşdüyünü, bir daha qayıtmayacağını bütün varlığı ilə hiss edir. Artıq onsuz yaşamağın mənasız olduğu barədə düşünür. Beləliklə, o, özünü Sumun göndərdiyi sudan yaranmış gölə atır... Ceyran batır.

Karvan dincini alıb aram-aram yoluna davam edir. Dağın yanından keçəndə adamlar qəribə bir mənzərə görüb mat qalırlar: dağ beş barmaq formasındadır. Hər şey onlara aydın olur. Sumun əli!.. Deyirlər ki, Sum dağı parçalayıb iri-iri qayaları qaldıranda torpağa batmış, xatirə olaraq açılmış əlini qoyub getmişdir.

O vaxtdan bəri Sumun ayrıldığı yeri – “Sumqayıt”, gölü – “Ceyranbatan”, dağı isə – “Beşbarmaq” adlandırırlar.

İkinci əfsanə: Bir neçə gün ac və susuz gedən karvan əldən düşür və dayanır. Adamlar qana boyanmış barmaqları ilə qızmar qumu qazıyıb su axtarırlar. Qupquru və narın qum dənələri axaraq çalanı yenə də doldurur. Səhra kimsəsiz, ətrafda daldalanmağa bir ağac belə yoxdur. Hamının gözlərində ümidsiz və dəhşətli ölüm qorxusu...Sum adında gənc tab gətirə bilmir...Ayağa qalxır. Adamları sakitləşdirir: “Ümidinizi kəsməyin. İlahi kömək etsə mən sizə su taparam” – deyir və sevgilisi Ceyrandan aralanır. Bir anlığa hamının üzünə qorxu kölgəsi qonur. Axı, çayın qabağını sehrli əjdaha kəsmişdir, Sum ona qalib gələ biləcəkmi? Bunu Ceyran da bilmirdi. O, əllərini irəli uzadaraq: 

- Sum, qayıt! Sum, qayıt! – deyə ona yalvarır, onu geri çağırır. Sum isə fikrindən dönmür:

- Əlvida, Ceyran, əlvida!

Dağlar Sumun səsini təkrar edir. Adamlar əzab və iztirablarını unudaraq ümid dolu nəzərlərini      

Sumun getdiyi dağa dikirlər. Ceyran da kənarda oturub qəm, kədər dolu baxışlarını Sumun yoluna zilləmişdir...

Birdən gurultu qopur, yer tərpənir. Adamlar qorxuya düşürlər. Nəhəng əjdaha polad qılıncından ölümcül yaralanmışdır.

Az sonra yenə də ətrafı güclü bir gurultu sarsıdır. Bu dəfə Sum çayın yolunu kəsmiş qara daşdan yapışmışdır. Bir də nərə çəkib, daşı yerdən üzüb göyə qaldırır. Çayın suyu qıjıldaya-qıjıldaya səhraya axır. Böyüklü-kiçikli hamı sevinclə qışqırmağa başlayır:

– Su qayıtdı! Su qayıtdı!

Sevinən kim, danışan, gülən kim... Lakin Ceyran... O, oturduğu yerdə  donub qalmışdır. Adamlar başa düşürlər ki, Sum qayıtmayıb. Geri dönüb bir də dağa baxanda hamı təəccüb içində  donur: Uzaqdan Sumun yalnız biləyi və açılmış barmaqları görünür... Bəs özü? O, qara daşın ağırlığı altında yerə batmışdır...

Ceyran nişanlısının ölümünə dözə bilməyib özünü  çaya atır...

O vaxtdan , Sum karvandan və öz Ceyranından ayrıldığı  yer “Sumqayıt”, qız boğulduğu yer isə “Ceyranbatan”  adlanır

Üçüncü əfsanə: İşğalçılar tərəfindən təqib olunan karvan gecə-gündüz yol gedir. Tuluqlarda su ehtiyatı çoxdan qurtarmışdır. Susuzluqdan dodaqları çatlamış adamlar danışmır, başlar sinəyə enmiş, addımlar ağırlaşmışdır.

Qaçqınların arasında iki gənc var: oğlan və qız... Onlar yanaşı addımlayırlar. Arabir başlarını qaldırıb ümid dolu nəzərlərini irəli zilləyirlər. Oğlan taqətdən düşmüş qızı geri qalmağa qoymur, onu özü ilə aparır. Bir neçə gün  sonra hərəkət etmək daha da çətinləşir. Qız artıq əldən düşüb, gedə bilmir, ayaq üstə tab gətirə bilməyib yıxılır. Əsən xəzri narın qumu qızın qara, gur saçlarına, sinəsinə doldurur. Göz yaşlarında islanmış qum ağırlaşır...

Oğlan bir anlığa ayaq saxlayır. Əyilib qızı qolları üstə qaldırır. Ağır addımlarla karvanın ardınca gedir. Üç gündən sonra oğlan da taqətdən düşür, daha hərəkət edə bilmir. İndi heç bir qüvvə: nə məhəbbət, nə həyat eşqi onun dadına çatmır, taqətdən düşdüyünü duyan oğlan huşsuz qızı ehtiyatla yerə qoyur. Diz çökür, əllərini göyə qaldırıb yalvarır:

– İlahi, kömək əlini bizdən əsirgəmə!

Çarəsiz gəncin səsinə nə qumlu səhra, nə ilahi, nə  də soyuq-soyuq parıldayan ulduzlar cavab vermir. Qəhər onu boğur... Gəncin qara gözlərində iki damla yaş görünür. Damlalar yerə düşür...

Birdən-birə yer aralanır, bulaq suyu fəvvarə vurur. Ceyranın həyatı xilas olur. Lakin acı tale qaçqınları rahat buraxmır. Qəddar düşmən bütün bu günləri karvanın izinə düşüb onu bulaq  başında haqlayır. Silahlı düşmən sayca çox və amansız olur. Vuruşma başlanır, qaçqınlar fədakarcasına həlak olurlar. Oğlan da bu döyüşün qurbanı olur. Düşmən hamını: qızları, qadınları, böyükdən kiçiyə hamını qılıncdan keçirir. Ceyrana isə toxunan olmur. Demə, onu öz hökmdarlarına “hədiyyə” saxlayırmışlar... Məğrur qız  buna dözə bilmir. Düşmənin fikrini başa düşür. O, sevgilisinin qana boyanmış qılıncını yerdən götürür, sinəsinə sancır... Səhrada dəhşətli, uzun sürən bir fəryad qopur...

Düşməni təəccüb bürüyür. Onlar özlərinə gələndə bulaq suyunun quruduğunu görürlər. Heyrət və qorxudan təşvişə düşən işğalçılar “su, qayıt”, “su, qayıt!” – deyə qışqırmağa başlayırlar.

Özlərini bulağa yetirəndə səhra bulaq suyunu artıq sorub qurutmuşdur...

Deyirlər ki, səhradan heç kim qayıtmamışdır... Həmin o yer isə  “Su qayıt” adı ilə şöhrət tapmışdır.