Ziyarətçilərə müraciət

  • PDF

olya islamovaHörmətli ziyarətçi!

Artıq bizim – Sumqayıtın Tarixi Muzeyinin internet səhifəsi sənin ixtiyarındadır. Bu səhifə ilə tanışlıqda sən istər Sumqayıt haqqında, istərsə də şəhərin tarixini əks etdirən, yaşadan Sumqayıtın Tarixi Muzeyi ilə bağlı məlumat əldə edə biləcəksən. Yəqin ki, şəhərimizin, tozu dumana çevrilən səhralıqda yaranmış Sumqayıtın tarixini öyrənmək sənin üçün də maraqlı olacaq. Söz yox ki, Sumqayıt sözünün gözəl Ceyranın qayalığı çaparaq axar suya yol açmaq istəyən qəhrəman sevgilisi Sumu haraylayaraq – Sum, qayıt ! çağırışından yarandığı haqqında yazılmış əfsanələrdən xəbərdar olmaq istəyirsən. Bunun üçün bizim səhifəmizi vərəqləmək yetər ! Bundan əlavə, boz səhralığın üç zamanı qovuşduran tarixi haqqında eşitdiklərini bizim səhifəmizi oxumaqla dəqiqləşdirə biləcəksən.

Əziz ziyarətçi, ötən XX əsrin I yarısından etibarən, yaranmaqda olan Sumqayıt şəhərinin keçdiyi şərəfli bir yola nəzər salmış olacaqsan, əgər bizim internet səhifəmizlə tanış olmaq istəsən. Sənin 62 yaşlı Sumqayıtın tarixini pillə-pillə öyrənən, öyrədərək tarixlərə köçən 44 yaşlı Sumqayıtın Tarixi Muzeyinin fəaliyyəti ilə əlaqədar ətraflı məlumatlar əldə etmək şansın da var. Bundan yararlanmağı unutma ! Şəhərin tarixini 14.000-dən artıq eksponatın dili ilə nəql edən muzeyimiz səndə Sumqayıtın keçmişi, bu günü ilə bağlı doğan bütün suallara ətraflı cavablar verəcəkdir. Biz buna əminik!


Olya İslamova

Sumqayıtın Tarixi Muzeyinin direktoru