Haqqında

  • PDF

Sumqayıtın Tarixi Muzeyi

tarixmuzeyi1967-ci ildə Sumqayıtın Tarixi Muzeyi fəaliyyətə başlamışdır. Sumqayıtın Tarixi Muzeyi Azərbaycan SSR Nazirlər Sovetinin 13 mart 1967-ci il tarixli 13 saylı sərəncamı ilə yaradılmışdır. Sumqayıt şəhər İcraiyyə Komitəsi 1967-ci il 5 saylı protokolla muzey üçün ümumi sahəsi 360 kv. m olan S.Vurğun küçəsindəki 132 saylı yaşayış evinin I mərtəbəsində yer ayırmışdır. 1967-ci il noyabrın 2-də muzeyin açılışı olmuşdur. 150 eksponatla şəhərin  18 illik həyatına  sənayenin, təhsilin, səhiyyənin, mədəniyyətin dostluq əlaqələrinin inkişafına az da olsa işıq salan muzey 1988-ci ildən etibarən özünü ayrıca ikimərtəbəli binada təmsil edir. Muzey otaqlarının sahəsi 2600 kv. m təşkil edir. Muzey fondunda qorunan mühafizə vahidi 15 minə yaxındır. Bu eksponatlar ayrı-ayrı bölmələr rəqqaslıq, qrafika, heykəltəraşlıq, tətbiqi incəsənət məmulatı, arxeoloji əşyalar, foto şəkillər, sənədlər və s. üzrə elmi-köməkçi fondda yerləşdirilmişdir. Muzeyin ekspozisiyası böyük və kiçik zallarda tərtib olunur. Daimi sərgi ilə yanaşı şəhərin ictimai-siyasi, mədəni həyatında baş vermiş hadisələri olduğu kimi əks etdirən, daim bir-birini əvəz edən sərgilər muzey fondunun zənginliyindən xəbər verir. Respublikada baş verən ictimai-siyasi hadisələr, mədəni-maarif sahəsində yaranan dönüş, əldə olunan uğurlar muzey ekspozisiyasında öz əksini tapır. Muzeydaxili sərgilər bir-birini əvəz etməklə yanaşı muzey fondunun materialları ictimai-siyasi fəaliyyəti xarakterli ümumşəhər tədbirlərində nümayiş olunur. Muzey kollektivi elmi-kütləvi işlərdə daim fəallıq göstərir, orta təhsil məktəblərində istər əlamətdar günlər, bayramlar, istərsə də təqvimə qanla yazılmış tarixi günlərlə bağlı müzakirələrin dinlənməsini təşkil edir.

Sumqayıtın Tarixi Muzeyi 2008-ci ildə əsaslı təmir edilərək sumqayıtlıların ixtiyarına verilmişdir. Hal-hazırda Sumqayıtın Tarixi Muzeyi 14000-dən artıq muzey əhəmiyyətli əşyanı gələcək nəsillər üçün qoruyur. Ümumi sahəsi 2680 kv.m. olan muzey binasının xüsusi tərtibat verilmiş ekspozisiya, mühazirə, sərgi zalları, kütləvi tədbirlərin keçirilməsi üçün 165 yerlik akt zalı vardır.

Birinci mərtəbənin ekspozisiya zalında  Heydər Əliyev guşəsi yaradılmışdır ki, burada da Ulu öndərin ustalıqla yaradılmış büstü, onun Sumqayıt səfərləri ilə bağlı sənədlər, fotoşəkillər, qəzet və jurnallar toplusu əks olunur.

Ekspozisiya zalında Sumqayıtın yaranmasını, inkişafını əks etdirən rəmzi ağac – Sumqayıtın ilk müəssisəsi olan İstilik Elektrik Stansiyasına həsr olunmuş abidə, Qədim İpək  Yolunun bir qolu – Sumqayıtın ərazisini əks etdirən maket, saxsı və mis qablardan ibarət guşə, “Sumqayıt XXI əsrdə” rəngkarlıq əsəri vardır.

İkinci mərtəbənin böyük ekspozisiya zalında inşaat, quruculuq işləri, ilk müəssisələr, zavodlar, fabriklər, təhsil, səhiyyə, mədəniyyət ocaqları, əmək qabaqcılları haqqında məlumatlar, əşyalar, sənədlər, fotoşəkillər əks olunmuşdur.

Həmçinin bu zalda Corat kənd əhlinin yaşam tərzini və Sumqayıtın ilk qurucularının məişətini əks etdirən otaq maketlər qurulmuşdur.

Kiçik ekspozisiya zalında Sumqayıt şəhidləri, sumqayıtlı Milli Qəhrəmanlar haqqında guşə,  şəhidlərə həsr edilmiş “Ulduz axını” abidəsi və rəngkarlıq əsərləri əks olunmuşdur.Haqqında