Tarixin yaddaşa çevrildiyi yer

  • PDF


Tarixin yaddaşa çevrildiyi yer

                                                                                Keçmişi bilmədən yaşamaq, yol       

                                                                         tanımadan, məqsəd anlamadan 

                                                                              səhrada dolaşıb azmağa bənzər.

                                                                                                                                A.Bakıxanov

 

Azərbaycan Respublikası Nazirlər Sovetinin 13 mart 1967-ci il tarixli 13 saylı sərəncamı ilə yaradılan SumqayıtnŞəhərinin Tarixi Muzeyi 43 ildir ki, şəhər sakinlərinə, qonaqlara mədəni xidmət göstərir. 

2 noyabr 1967-ci ildə S.Vurğun küçəsindəki 132 saylı yaşayış evinin birinci mərtəbəsində (ümumi sahəsi 360 kv.m.) ilk tamaşaçılarını qəbul etmiş muzey 1500 eksponatla şəhərin 18 illik tarixinə az da olsa işıq sala bilmiş, bir il sonra, 1969-cu ildə əsas və elmi – köməkçi fondlarda qorunan eksponatların sayını əvvəlki göstəriciyə nisbətdə xeyli  artıraraq 1828-ə çatdırmışdır. Öz işinə məsuliyyətlə yanaşan muzey kollektivi də ilk  qiymətini SSRİ Mədəniyyət Nazirliyi tərəfindən almışdır: elmi – kütləvi, maarifləndirici işdə  fəal iştirakına görə diplom, medal və pul mükafatı.

1987-ci ildən 4-cü mkr-da yerləşən ikimərtəbəli binada qərar tutan muzeyin, onun işgüzar kollektivinin təltifləri sayılacaq dərəcədə çoxdur. İctimaiyyətin qüvvəsi ilə yaradılan, 1 5000-ə yaxın eksponatı gələcək nəsillər üçün qoruyan muzey bu gün peşəkar mədəniyyət müəssisəsi kimi  tanınır. Muzeyin qonaqları da çox olmuşdur. Onlardan ən mötəbərinin – Heydər Əliyev şəxsiyyətinin 1993-cü ilin 28 dekabr tarixində muzey ilə tanışlığı onun Sumqayıtın tarixinə, mədəniyyətinə xüsusi önəm verməsi ilə izah olunur. Bu xüsusiyyəti tarixi 3 aprel müşavirəsinin  nəticələrindən də aydın görmək mümkündür. 2003-cü ilin aprelində Sumqayıta sonuncu dəfə səfər edən ulu öndər Heydər Əliyev şəhərin mədəni  həyatının canlandırılması üçün öz  tapşırıq və  tövsiyyələrini vermişdir.

Aprel müşavirəsindən sonra şəhərin hər bir sahəsində olduğu kimi, mədəni həyatında da yeniliklər özünü büruzə verməkdədir. Muzey binasının yararsız hala düşmüş dam örtüyünün yenisi ilə əvəz olunması, istilik sistemi ilə təminatı kollektivin işə daha həvəslə yanaşmasına təkan vermiş oldu.

Həm muzeydaxili, həm də muzeydənkənar keçirilən tədbirlərdə şərəfli mövqedən çıxış edərək daxili potensialının hansı çərçivəyə sığdığını sübut etmiş Sumqayıt Şəhərinin Tarixi Muzeyi – onun əməksevər əməkdaşları fəaliyyətə başladığı tarixdən bu günə kimi       1 milyona yaxın tamaşaçı ilə isti münasibət qurmuş, onun tarixə, Sumqayıtın tarixinə olan münasibətini düzgün istiqamətləndirməyə nail olmuşdur.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin “Azərbaycandamuzey işinin  yaxşılaşdırılması haqqında” 6 mart 2007-ci il tarixli, “Azərbaycan regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi  tədbirlər planının təsdiq edilməsi haqqında” 22 may 2009-cu il tarixli sərəncamları və bu sərəncamlara müvafiq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əmrlərinin icrası bölgələrdə olduğu kimi Sumqayıtda da aydın hiss olunmuşdur. Belə ki, may ayının 19-da şəhərimiz özünəməxsus əlamətdar bir hadisənin şahidinə çevrildi. Tarixini yaşadan muzey əsaslı təmir və yenidənqurma işlərindən sonra öz qapılarını yenidən tamaşaçıların üzünə açdı.

Ümumi sahəsi 2500 kv.m-dən artıq olan muzey binası – kütləvi tədbirlərin keçirilməsi üçün 165 yerlik akt zalı, mühazirə zalı, ekspozisiya zalları, sərgi zalı, eksponatların saxlanc otaqları, iş otaqları “Ximekspress–2000” Tikinti–Quraşdırma firması tərəfindən əsaslı təmir olunmuş, ekspozisiya zallarına mövzularla səsləşən (burada eksponatların yerləşdirildiyi saxlancların forması, divarların rəngi belə nəzərə alınmışdır) xüsusi tərtibat verilmişdir. Bundan əlavə, eksponatların saxlanc otaqları, iş otaqları, mühazirə, akt zalları yeni avadanlıqlarla təchiz olunmuşdur.

Birinci mərtəbənin ekspozisiya zalı ilə tanışlıqda Azərbaycana həsr olunmuş bir ömrün, Heydər Əliyev ömrünün Sumqayıt səhifələrini vərəqləməli oluruq. Ulu öndərin ustalıqla yaradılmış büstü, onun Sumqayıt səfərləri ilə bağlı sənədlər, fotoşəkillər, qəzet və jurnallar toplusu səbəbkarın təbirincə desək: “Sumqayıt bütün Azərbaycanın gözəl təcəssümüdür” fikrinə aydınlıq gətirir. Ekspozisiya zalının tən ortasında sanki Xəzərin qumsallığında cücərib qol-budaq atmış, üzərinə zərvərəq çəkilmiş Sumqayıtın yaranmasını, inkişafını göstərən rəmzi − ağac (ümumi tərtibat layihəsinin müəllifi İlqar Əliyev) zalın ümumi görünüşünü tamamlayır. Dahi şəxsiyyət Heydər Əliyevin “Sabahın şəhəri” adlandırdığı Sumqayıtın dünəninə baxsaq burada tozun dumana çevrildiyi səhralığı, dəvə karvanlarının iz sala-sala keçib getdiyi boz çöllüyü görmüş oluruq. Xüsusi qurğunun köməyi ilə “Sumqayıt” əfsanəsini dinləyib bu əfsanənin təcəssümü abidəyə (müəllif – Əməkdar incəsənət xadimi Vaqif Nəzirov), orta əsr Sumqayıt ərazisini əks etdirən,  zövqlə hazırlanmış maketə tamaşa etmək başlanğıc haqqında yaranan suallara aydınlıq gətirir.

İkinci mərtəbənin böyük ekspozisiya zalında  muzey əşyalarının, fond sənədlərinin, fotoşəkillərin köməyi sayəsində XX əsrin möcüzəsi –  Sumqayıt şəhəri göz önündə yaranır, böyüyür, inkişaf edir: inşaat, quruculuq işləri, ilk müəssisələr, zavodlar, fabriklər, təhsil, səhiyyə, mədəniyyət ocaqları, əmək qabaqcılları...

Şücaət və qəhrəmanlıq dastanı – Böyük Vətən müharibəsi, Dağlıq Qarabağ savaşı və sumqayıtlılar... Kiçik ekspozisiya zalında “Vətən uğrunda ölüm – həyatın davamıdır” fikri ilə qəhrəman oğul və qızlarımızın keçdiyi şərəfli yola nəzər salırıq. Mövzu ilə səsləşən “Ulduz axını” (müəllif – Əməkdar incəsənət xadimi Vaqif  Nəzirov) abidəsi, rənkarlıq nümunələri azəri yurdunun bir parçası Sumqayıtın mətnliyini sübut edir.  

 

               Haşiyə: Beynəlxalq Muzeylər Şurasının (İCOM)1977-ci ildə qəbul etdiyi qərara  əsasən, 18 may – Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur. 1999-cu ildən etibarən, dünya   muzeyləri ənənəvi olaraq hər il bahar fəslinin bir  istirahət günündə müxtəlif mövzularla “Muzeylər baharı” aksiyası keçirir. Respublikada fəaliyyət göstərən muzeylər kimi Sumqayıt Şəhərinin Tarixi Muzeyi də bu ənənəni pozmur, qəbul olunmuş “Muzeylər – sosial harmoniya” mövzusu ilə bu aksiyaya qoşulur.