Sumqayıtın tarixi muzeyi

  • PDF
Muzeyimizin fondlarından

Əsas mövzu ekspozisiyası ilə bərabər, “Muzeyimizin fondlarından” sərlövhəli  sərginin də nümayişi heç də təsadüfi deyil. Qeyd edim ki, bu kimi sərgilər Respublika  miqyasında təkrarlanır və muzeyin elmi heyəti də bu ənənəni layiqincə davam  etdirməyi özünə borc  bilir.

        Sumqayıtın Tarixi  Muzeyi 43 ildir ki, gənc nəslin maarifləndirilməsi naminə  yorulmadan çalışır. 2 noyabr 1967 – ci  ildə 1113  eksponatla ilk tamaşaçılarını qəbul  etmiş muzey, 10 il sonra, 1977–ci ildə bu rəqəmi 3444- ə çatdırmışdır. Hal – hazırda  burada 14 000-dən artıq muzey əşyası gələcək nəsillər üçün qorunur. Tərtib etdiyimiz  sərgidə fondumuzun zənginliyinə arxalanaraq ayrı–ayrı şöbələr üzrə toplanmış  eksponatlarla sizi  tanış  edirik.

muzey4“Paleontologiya şöbəsi üzrə təqdim etdiyimiz “Daş üzərində balıq  izləri”, “Daşlaşmış  ağac” nümunələri Sumqayıtın  ərazisi,  tarixi  keçmişi  haqqında müəyyən mülahizələr yürütmək imkanı yaradır. Qeyd edim ki, “Paleontologiya” qazıntı halında tapılan, daşa dönmüş bitki və heyvanat aləmindən  bəhs edən elmdir.

1960–cı illərin sonlarına doğru muzeyimizin nəzdində fəaliyyət göstərmiş “Tarix-diyarşünaslıq” dərnəyi üzvlərinin muzey fonduna təhvil verdikləri “Daş  üzərində balıq izləri” nümunələri Bakı–Rostov–Moskva dəmiryol xəttinin  yaxınlığındakı  ərazidən aşkara çıxarılmışdır. Bununla da bu ərazinin əvvəllər Xəzər  suları altında qalması və tədricən suyun geri çəkilməsi haqqında fikirlər öz təsdiqini  tapmış   olur.“Paleontologiya” şöbəsi üzrə nümayiş olunan “Daşlaşmış ağac” nümunələri də maraq  doğurmaya  bilmir. M.Hüseynzadə adına şəhər  stadionunun ərazisindən tapılmış bu nümunələr təbiətin tarixini əks etdirərək bizdə müəyyən  fikirlərin  yaranmasına səbəb  olur.

 

muzey3“Arxeologiya ” şöbəsi ilə tanışlıq bizi orta  əsrlərə aparır. “Arxeologiya”  elmi  maddi  mənbələr – qədim insan məskənləri,  əmək  alətləri, qəbirlər, qaya təsvirləri,  silahlar  və s.  əsasında  bəşəriyyətin  tarixi  keçmişini  öyrənir. Azərbaycanda ilk arxeoloji qazıntılar XIX əsrdə, qədim Qarabağ, Gəncə, Naxçıvan ərazilərində aparılmış, tunc dövrünə dair abidələr qeydə alınmışdır. Bu  bölmə üzrə toplanmış saxsı  qab fraqmentlərinin bir qisminin nümayişi qədim İpək  Yolunun bir qolu – Sumqayıtın ərazisi haqqında məlumatımızı dəqiqləşdirir. Bu  ərazidə yeganə su mənbəyi olmuş Sumqayıtçayın hər iki sahilində salınmış  karvansaraların  1938 – 1939 –cu illərdə akademiklər – N. Mel, E.Paxomov tərəfindən tədqiqatı zamanı aşkar olunmuş saxsı qab fraqmentləri, həmin karvansaraların  divarlarından qopmuş suvaq  parçaları tikanlıq, kol–kos  basmış bu ərazidə həqiqətən  də   müvəqqəti  yaşayışın mövcud   olduğunu  bizə  sübut edir.Hələ XVI  əsrdə  ingilis  səyyahı X. Berrou  Sumqayıtçay  və  bu  çayın  üzərində  salınmış taxta körpü haqqında  məlumat vermişdir. Həmin körpüdən bir qalığın  burada  nümayişi  verdiyimiz  məlumata  aydınlıq  gətirir. 
 

muzey sobe“Etnoqrafiya və məişət əşyaları”  bölməsində yer almış bəzək əşyaları, miniatür xurcun, tənbəki kisəsi və s. yerli  sakinlər tərəfindən muzeyimizə hədiyyə olaraq verilmişdir. Məişətimizin  zənginliyindən xəbər verən bəzək əşyaları–şüşə qolbaqlar, gümüş  kəmər  fraqmentləri,  libaslara bənd edilən düymələr, muncuqlar orta əsr sənətkarlığının parlaq  nümunələridir. Zərgərliklə yanaşı, sənətkarlığın  digər növü–bədii tikmə zəngin  mədəniyyət mərkəzi sayılan Azərbaycanda geniş  yayılmışdır.  Tikmələr  hazırlanarkən  onların  qızılı saplarla  bəzədilməsi əl işlərinə xüsusi gözəllik verirdi. Nümayiş  etdirdiyimiz tənbəki  kisəsini misal  göstərmək istərdim. İpək parçadan tikilmiş  tənbəki  kisəsinin  üzərindəki  müxtəlif formalı  yarpaq təsvirləri, ona  bənd edilmiş  parlaq  muncuqlar əl  işinə xüsusi diqqət yetirildiyindən xəbər verir. Cib saatlarının  yerləşdirilməsi üçün nəzərdə tutulmuş məişət əşyası “sırıma” tikmə növü ilə  bəzədilmişdir. Naxışların  qabarıq  görünməsi  üçün bu cür tikmələrə əlavə olaraq  astar  qoyulurdu. Qeyd edim ki, rəngbərəng kətan saplarla toxunmuş cecimlər  də  məişətimizdə  geniş istifadə olunurdu. Nümayiş etdirdiyimiz cecim parçası  onun  tarixi  haqqında  bir  neçə kəlmə  məlumat vermək imkanı qazandırır. Bəzi  bölgələrdə  cecim  necə  deyərlər, evin  döşənməsinə xidmət  etmiş,  bəzi  rayon  və kəndlərdə  isə  ondan  yorğan – döşək  üzlüyü,  hətta pərdə və örtük kimi  istifadə  olunmuşdur. Azərbaycanda  sənətkarlığın ağacişləmə və metalişləmə növləri də geniş yayılmışdır ki, sərgidə  nümayiş etdirdiyimiz qəlyanlar bu  sənətin  bariz  nümunələridir.

muzey5

“Numizmatika”sikkələr  haqqında elmdir. Bu  elmin tarixi XVI əsrdən hesablanır. Kolleksiya toplama işi isə ondan öncə  yaranmışdır. Azərbaycanda  numizmatik  irsin  iki  minillik  yaşı  var  ki, bu  irsin  ilk  tədqiqatı  XX  əsrin  əvvəllərində  aparılmışdır. “Numizmatika”  şöbəsi  üzrə  nümayiş etdirdiyimiz  gümüş, mis,  nikel, sikkələrin hər biri tarixin bir nişanəsini özündə yaşadır. Bu  sikkələr müəyyən dövrlərdə draxma, tetradraxma, abbası, ən nəhayət, qəpik adlandırılıb. Nümayiş etdirdiyimiz  metal pullar  XI – XX  əsrlər  arasında  dövriyyədə olmuşdur.

 
 

muzey7“Bonistika”qiymətli kağız pullar haqqında  elmdir. Bu şöbə üzrə toplanılmış əsginasların  bir  qismini  nümayiş etdiririk ki,  onların  arasında  tarix  etibarilə  ən  qədimi  XIX  əsrin  sonlarında,  daha  doğrusu,  1898 – ci ildə  buraxılmış əsginasdır. XX  əsrin əvvəllərində  əsginaslara təlabat  böyük  olduğu  üçün  maliyyə  orqanları çar  hökumətinə məxsus kağız  pulları dövriyyəyə buraxmışdır. 1909–1910–1912–ci illərdə buraxılmış, üzərində I Pyotrun, II Yekaterinanın, III Aleksandrın təsvirləri olan əsginasları nümunə kimi göstəririk. “Bonistika” bölməsi üzrə toplanmış əsginaslar arasında ADR–in mövcud olduğu  dövrlərdə-1918–1919–cu illərdə dövriyyəyə buraxılmış kağız pulların sərgidə  nümayişi  yəqin  ki,  maraqlıdır. İlk Sovet  pulu 1919–cu  ildə  buraxılmışdır. Bu əsginaslarda oraq və çəkic  təsviri  və “Bütün ölkələrin proletarları birləşin!” şüarı diqqəti cəlb edirdi. 1921–ci  ildə  milyon dəyərində ilk kağız pul buraxılmışdır ki, bu cür əsginaslar qiymətli hesab  olunmurdu. Bir il sonra–1922–ci ildə qızıla bərabər “çervon” lar dövriyyəyə buraxıldı və bu pullar 1948–ci ilə qədər öz dəyərini itirmədi.

muzey6“Faleristika”-Sərgimizdə yer almış bu sonuncu  bölmədə orden,  medal, fərqlənmə  nişanlarının  tarixini  öyrənən  köməkçi  fənn hesab  olunur. Xatirə, yubiley medalları ilə bahəm, tarixi anları özündə yaşadan “Vımpellər”ə də müəyyən yer  ayırmışıq. Əsasən, idman yarışları, dostluq  əlaqələri,  müəssisə və təşkilatların yubileyləri ilə əlaqədar hazırlanmış vımpel və medallar arasında tələbə və gənclərin 1985–ci ildə Moskvada keçirilmiş XII Ümumdünya festivalı ilə bağlı hazırlanmış vımpel və nişan haqqında məlumat vermək istərdim. Çünki festival iştirakçıları arasında şəhərimizi keçmiş Azərbaycan LKGİ Sumqayıt Şəhər Komitəsinin I katibi Elba Məmmədova, Azərbaycan Boru –Yayma Zavodunun poladəridəni Yaşar Abbasov kimi gənclər təmsil  etmişlər. Qeyd edim ki, Azərbaycan  LKGİ Sumqayıt  Şəhər Komitəsinin 1968–ci ildə SSRİ Ali Soveti Rəyasət Heyəti tərəfindən “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif olunması şəhərimizin ictimai-siyasi həyatında əlamətdar bir  gün kimi  yadda qalmışdır.  Gənclik şəhəri Sumqayıt həm də dostluq, qardaşlıq ünvanı kimi tanınmışdır. Sərgimizdə nümayiş olunan Sumqayıt Rustavi şəhər gəncləri arasında keçirilmiş veloyürüşlə bağlı hazırlanmış vımpel, Ukraynanın Çerkassı şəhər Komsomol Təşkilatının hədiyyəsi olan vımpel, Almaniyanın Lüdviqshafen şəhər  nümayəndələrinin hədiyyəsi –vımpel, xatirə medalı və s. dediklərimizə əyani  sübutdur.

    İstifadə  olunmuş  ədəbiyyat :

 Azərbaycan  Sovet  Ensiklopediyası ;

“ Numizmatika ”  və “ Arxeologiya   əşyaları ”  fondlarının  elmi  pasportları  

 əsasında  işlənmiş  mövzunun  mətni ;

Azərbaycan  Tarixi   Muzeyi   – 2003.