Sumqayıt haqqında əfsanə

  • PDF

        Səhra  da  uczuz – bucaqsız,  küləklər  də  şiddətli,   günəş  də  amansız  idi,  lap  tale  kimi.  Sahil  boyu  qumsallıqda   iz qoya – qoya  karvan  gedirdi.

        Dəniz  çırpınırdı.  Ağyallı  ləpələr  qəzəblə  qayalara  çırpılıb  minlərlə  büllur  zərrələrə  çevrilirdi.

       Quru  dilləri  ilə  çatlamış  dodaqlarını  yalayaraq   gedən  insanların   susuzluq  ümidlərini  öldürür,  ürəklərini  əzablı  ölüm  qorxusu  ilə  doldururdu.  İnsanlar  geri  dönmürdü.  Bu  qəddar,  məğlubolunmaz   səhra  qantökən  düşmən   qoşunundan  müdafiə  üçün  yeganə  yer  idi.  Onların  arasında  bahadır  qamətli  oğlan  və  incəbel,  alagöz  qız  vardı.  Gənclər  yanaşı  gedirdilər,  nə  susuzluq,  nə  də  yorğunluq  hiss  etmirdilər.  Onların  ürəyi  daha  böyük  yanğı  ilə  dolu  idi,  məhəbbət  yanğısı  ilə.  Məhəbbət  yolu  sonsuz  idi,  ona  görə  də   getdikləri  yol  onları  qorxutmurdu.

       İradəsi  zəifləmiş  insanlar  yerə  yıxılıb  qumu  dırnaqlayaraq   su  axtarmağa  başladılar.  Günəşin  isitdiyi  qum   onların  əlini  yandıraraq  hey  tökülür,  torpaqda  dayaz  çalalar   yaradırdı. 

       Bunu  görən  gənc  əlinin  işarəsi  ilə  fəryad  edən  insanları  dayandırdı:  “ Su  olacaq !”  Qəhrəman  oğlanın  nəyə  qadir  olduğunu  duyan  yorğun  üzlərdən  dəhşət  kölgəsi  yox  oldu.  Gənc  getdi.  Sevgilisinə  kədər  və  qərar  dolu  nəzər  salaraq  getdi.  Qız  inildədi: “ Sum,  qayıt ! ” .  “ Əlvida,  Ceyran ! ”  Dağlar  da  əks - səda  ilə  təkrar  etdi :  “ Ceyran ! ”

      Gənc  üfüqlərdə  qərq  oldu.  İnsanlar  nəfəslərini  dərib  gözləyirdilər.  Görəsən  o,  axar  suyun  yolunu  tutmuş  zalım  qüvvələrin  sehrini  qıra  biləcəkmi ?!  Bu  yola  pərçim  olmuş  qayalığı  çapıb,  abi – həyata  həsrət  qəlbləri   söndürə  biləcəkmi ? ! İnsanlar  inamla  gözləyirdi.  Onlar  öz  dərdlərini  belə  unutmuşdular.  Qız  isə  kənarda  oturub  kədər  dolu  gözləri  ilə  Sumun  getdiyi  uzaq  yola  baxırdı.  Birdən  qışqırtı  eşidildi.  Bu  səsdən  insanların  tükü  ürpəndi.  Bu  səs  zalım  ruhun  səsi  idi,  o,  gəncin  qılıncından  yaralanmışdı.  İnsanlar  gözləyirdi.  Gözlərdə  ümid,  ürəklərdə  həyəcan  gözləyirdi.  Qəfil  eşidilən  göy  gurultusunun   səsi  səhralığı  bürüdü.  Bu  səsdən  sanki  hamının  ürəyi  dayandı.  Cəsur  oğlan  çaya  gedən  suyun  yolunu  kəsmiş  qayalığı  dağıtmışdı...  İnsanlar  köpüklənən,  səhraya  tələsən  suyu  görüb  sevindilər.  Suya  həsrət  torpaq  da  insanlarla  bahəm  doyunca  su  içdi.  Bir   anlıq  sevinc  kədərə  çevrildi.  Özünü  fəda  etmiş  gəncin   yalnız  əlləri  qalmışdı.  Qız  öz  sevgilisinin  itgisinə   dözmədi,  özünü  çaya  atdı.

       Elə  o  vaxtdan  bu  yer   “ Sumqayıt ”,  qızın  boğulduğu  yer  isə   “ Ceyranbatan ” adlanır.  Görünən  dağ  zirvəsində  beş  barmaqla   “ Beşbarmaq ”  kimi  tanınır.