Səhranın Bəyaz Günəşi

  • PDF

Səhra  da  ucsuz-bucaqsız,  küləklər  də  şiddətli,  günəş  də  amansız  idi, lap  tale  kimi.  Sahil  boyu  qumsallıqda  iz  qoya-qoya  karvan  gedirdi... Sumqayıt  haqqında  əfsanə  bu  cümlələrlə  başlayır.  Əfsanədən  gerçəkliyə  keçsək,  e. ə. II  əsrdən  etibarən,  Çinin  Sinan  şəhərindən  başlayaraq  Şərq  ölkələrindən  keçən  Böyük  İpək  yolunun  bir  qolunun  Xəzər  dənizinə  yaxın  olan Sumqayıtın  ərazisindən  keçdiyini  inamla  deyə  bilərik. Bu  ərazidə  yeganə  su  mənbəyi  olmuş  Sumqayıtçay  öz  başlanğıcını  Baş  Qafqaz  silsiləsinin  cənub  yamacından,  Dübrar  dağın  başından  götürür.  Yağış,  sel  suları  ilə  çoxalan  Sumqayıtçayın  mühüm  qolları  Çigil  və  Kəndadır. Yuxarı  axınında  Quzduçay,  Qozluçay,  Cəngiçay  adlanan  bu  çayın  uzunluğu  198  km-dir.

            XVIII  əsrin   30-cu  illərində  səyyah  İ. Lerx  özünün  yol  qeydlərində  bu  ərazidən  axan  çay  və  onun  üzərində  salınmış  daş  körpü  haqqında  məlumat  vermişdir. Bu  fikir  çay   üzərində   salınmış   taxta   körpünün  daşla   əvəz   olunması   fikri   ilə   üst-üstə  düşür. XIX  əsrin  ortalarında  rus  səyyahı  İ. Berezin  yol  qeydlərinə  Sumqayıtçay   haqqında  bu  fikirləri  yazmışdır:  “Bəzən  bu  çaya  Suqayıt  deyərdilər...”

            Yaxın  Şərq  ölkələri  ilə  Qərbi  Avropa  arasında  ticarət  əlaqələri  quran  tacirlər  Sumqayıtçayın  hər  iki  sahilində  salınmış  (çay  öz  məcrasını  dəyişdiyinə  görə  ikinci  karvansaranın  inşasına  ehtiyac  duyulmuşdur), əsrlərin  yadigarı  karvansaralarda  dincəlirdilər.  XVI–XVII  əsrlərə  aid  edilən  karvansaralardan  birinin  özül  daşlarının  qalıqları  Abşeronun  Giləzi  kəndində  aşkarlanmışdır. Məşhur  fransız  yazıçısı  A. Düma  1858-ci  ildə  Qafqaza  səyahət  edərkən  yol  dəftərçəsində  karvansaranı  “ Şah  Abbas  karvansarası ”  kimi  qeyd  etmişdir.

           1938−1939-cu  illərdə  tədqiqatçılar – N. Mel,  E. Paxomov  digər  karvansaranın  qalıqları  üzərində  tədqiqat  apararaq,   qədim  tikililərin  tarixinin  XVI–XVII   əsrlərə  deyil,  uzaq  keçmişə  aid  olduğunu  ehtimal  etmişlər.

            Etnoqraf  alim  A. Hüseynzadənin “Abşeron  yarımadasının  etnik  toponomiyaları  haqqında :  “Corat, Saray, Sumqayıt”  məqaləsindən  aydın  olur  ki,    Abşeronda  Sumqayıt  adında  dörd  müxtəlif  obyekt  olmuşdur :  Əhali  yaşayan   məntəqə,  mayak,  çay,  dəmiryol   stansiyası. Şəhərin  adı  bu  çayla  bağlıdır.

            Sumqayıta  yaxın  yaşayış  məskəni –  Corat  əhalinin  məşğuliyyətinə  görə  öz  adını  formalaşdırmışdır.  Yerli  yazarların  “Sumqayıtın  İçərişəhəri”  adlandırdığı  Corat  sözünün  tarixi  mənbələrdə  etimoloji  baxımdan  bir  neçə  mənası  var.  Bəzi  mənbələrdə  bu  söz  “çor at”  yəni  “tor  at”  anlamını  verir. Bu  fikir  yerli  sakinlərin  balıqçılıqla   məşğuliyyətindən  yaranmışdır.  “Çor  at”  ifadəsinin  digər  anlamı  ətraf  yerlərdə  salınmış  üzüm  bağlarına  düşən  “çor” xəstəliyi  ilə  izah  olunur.  Muzeyin  ekspozisiyasında  nümayiş  olunan  fotoşəkillər  arasında  “Corat  kəndlilərinin  bağ  tikililəri”  fotoşəkili  də  bunu  deməyə  əsas  verir. Bu  ərazinin  mülayim  iqlimi  burada  üzüm, əncir, yemiş, iydə, badam, püstə  yetişdirməyə  imkan  vermişdir. Coratda  tarixi  abidə  kimi  mühafizə  olunan Cümə  (988-ci  il),  Gülxatın (XVIII  əsr)  məscidləri   əhalinin  dindarlığından    xəbər  verirdi.   Bu   xüsusda  Corat  kənd  əhlinin  yaşam  tərzini    əks   etdirən  otaq – maketdə  yer  almış   etnoqrafik-məişət  əşyaları  arasında  nümayiş  olunan  canamazı,  möhürü,  dəstəmaz  almaq  üçün  aftafa-ləyəni  nişan  vermək  olar.          

1930-cu  illərdən  etibarən,  Corat,  Saray,  Pirəkəşkül  kəndləri  ilə  əhatələnən  boş  ərazinin  öyrənilməsi  üçün  ilk  ekspedisiyalar  gəlir. 1934-cü  ildə  keçmiş  İttifaqın  Ağır  Sənaye  Xalq  Komissarlığının  kollegiya  iclasında  kimya,  qara  və  əlvan  metallurgiya 

müəssisələrinin  yerləşdirilməsi  üçün  Bakıdan  40 km  aralı,  Sumqayıt  dəmiryol  stansiya-

sından  çox  da  uzaq  olmayan  bir  məsafədə  torpaq  sahəsi  məqsədəuyğun   hesab   olunur.  Bu  ərazi  bir  sıra  xüsusiyyətlərinə  görə  seçilir :  Abşeron  rayonunda  iqlim  şəraitinin  əlverişli  olması,  Bakını  su  ilə  təmin  edən  “Şollar”  su  kəmərinin  buradan  keçməsi,  Bakı – Rostov – Moskva  dəmiryol  xəttinin  yaxınlığı.

           1936−1938-ci  illərdə  şoran  düzəngahda  taxta  tikililər − baraklar  meydana  gəlir.  Azərbaycanın  Lənkəran – Astara,  Şəki – Zaqatala,  Gəncə − Qazax bölgələrindən,  Rusiyanın  müxtəlif  yerlərindən – Moskvadan, Novosibirskidən, Vladivostokdan,  Ukraynanın  Dnepropetrovsk, Belorusiyanın  Mogilyov şəhərlərindən  gəlmiş  gənclər  inşaat  işlərinə  cəlb  olunurlar...          

Ekspozisiyada   nümayiş  olunan  “Sumqayıtın  planlaşdırılmasının  baş  layihəsinə  dair  izahedici  qeydlər”  kitabçasından  məlum  olur  ki,  şəhərin  yaranmasında  əsas  məqsəd  respublikanın  sənaye  sahələri  ilə  texnoloji  əlaqə  yaratmaqla  Azərbaycanda   kimya  və  metallurgiya  sənayesini  inkişaf  etdirmək  idi.  Yeni  şəhərin  yaranması  Bakının  da  inkişafına  təkan  vermiş  olacaqdı.

           1939-cu  ildən  etibarən,  yeni  işlənmiş  plan  əsasında  Sumqayıtın  sənaye  müəssisələrinin  tikintisi  başlandı.  İlk  qurucular – Aslan  Osmanov  (Sosialist  Əməyi  Qəhrəmanı – 1958),  Məzahir  Abdullayev (Sosialist  Əməyi  Qəhrəmanı – 1966), Yəhya  Məmmədov  kimi  şəxslər  əmək  meydanında  fərqləndilər. 

          Böyük  Vətən  Müharibəsinin  başlanması  inşaat  işlərini  yarımçıq  qoydu.  İnşaatçı  gənclər  dərhal  iş  paltarini  soyunub  hərbi  libas  geyinərək  döyüş  bölgələrinə  yola  düşdülər.  Sumqayıtın  ilk   müəssisəsi – İES  hələ  müharibə  başlamamışdan  əvvəl ilk  məhsulunu  vermişdir. 1941-ci il  fevral  ayının 13-də  müəssisənin  I  generatoru  Bakının  neft  sənayesinə  ilk  cərəyan  vermişdir.  Müharibə  illərində  də  İES  tam  gücü  ilə  işləmişdir.  Ekspozisiyada  nümayiş  olunan  İES-in  1943-cü  il  hesabatından  məlum  olur  ki,  bu  stansiya  müharibə  illərində  özünün  qəzasız, fasiləsiz  işinə  görə  dəfələrlə  mükafatlandırılmış, hətta  SSRİ  Silahlı  Qüvvələrinin  Ali  Baş  Komandanı  İ. Stalin  hərbi  texnika  üçün  topladığı 150 000  rubl  üçün  stansiyanın  kollektivinə  təşəkkür  teleqramı  da  göndərmişdir. Müəssisənin qabaqcıl  işçilərindən Yusif  Rzaquliyevin,  Məşədi  Əliyevin  (Sosialist  Əməyi  Qəhrəmanı – 1980)  adlarını  çəkmək  olar. 

           Mənzil-kommunal  təsərrüfatı  İES-in  saldığı  qəsəbələrdə  yerləşirdi. Müəssisə  heyvandarlığı,  balıqçılığı  inkişaf  etdirməklə  öz  işçilərini  ərzaqla  təmin  edirdi.  

          Sumqayıtın  fəxri  vətəndaşı,  əmək  veteranı  Əli  Mustafayev  1946−1967-ci   illərdə   stansiyaya   rəhbərlik  etmişdir.  İES-in  saldığı  qəsəbədə,  24; 25; 26-cı  məhəllələrdə  mədəni-məişət  obyektlərinin  tikintisində  Əli  Mustafayevin  danılmaz  xidmətləri  çoxdur.

 Müəssisələrin   sayı   artdıqca   burada   çalışan   əmək   adamlarının   da   sayı  çoxalırdı.  Əgər  1939-cu   ildə   əhalinin  sayı  6 400  nəfər   hesablanırdısa,  artıq  1949-cu   ildə    bu    rəqəm    17 200  olmuşdur.  Aybaay   böyüyən,   genişlənən    Sumqayıt    rayonu 

22  noyabr  1949-cu  il  tarixdə  şəhər  statusu  aldı.

 Sumqayıtın  iri  sənaye  müəssisələrindən  sayılan  Boru – Yayma  Zavodunun təməli  1940-cı  ildə  qoyulsa  da  müharibənin  başlanması  ilə  əlaqədar  inşaat  işlərində  fasilələr  yaranmışdır. 1944-cü  ildə  formalaşan  “ZAQSƏNAYEİNŞAATITRESTİ”  zavodun  tikintisini  davam  etdirmişdir. 1946−1949-cu  illərdə  müəssisədə  üç  əsas  sex – marten,  boru-yayma,  yayma  sexləri  istifadədə  idi. Ekspozisiyada   nümayiş  olunan  zavodun  ilk 

məhsulu – çuğun  ərintisi   20   yanvar  1949-cu   il   tarixdə  alınmışdır.  İlk   stan – 140-ın    məhsul   buraxılışı  31  dekabr 1952-ci  ildən  hesablanır. Bununla  da  respublikada  qara 

metallurgiyanın  ilki  işə  düşmüşdür. Poladəridən  Murad  Zeynalov  ilk  Sosialist  Əməyi  Qəhrəmanıdır. İlk  metallurq  qadın,  Sosialist  Əməyi  Qəhrəmanı (1960)  Zəminə  Həsənova  müəssisənin  qabaqcıl     işçilərindən     idi.   Tofiq     Kərimov    (Sosialist    Əməyi    Qəhrəmanı − 1966), V. Boldırev, P. Podqornı, A. Süleymanov  da  qabaqcıllar  siyahısında  idi. Allahverdi  Süleymanovun  rəhbərlik  etdiyi  briqadanın  qənaət  olunmuş  xammal  hesabına  plandan  əlavə  məhsul  əldə  etdiyinə görə  “Sosializm  yarışının  qalibinə”  keçici  mükafatı  ilə  bağlı  sənədin  ekspozisiyada  nümayişi  maraq  doğurur.

  1952-ci  ildə   neft  qazlarından   etil  spirti  alınmaqla  kimya  sənayesinin  ilki – Sintetik  Kauçuk  Zavodu  işə  başlamışdır.  Hələ  müharibə  illərində  A. Hitler  özünün  məşhur  “Barbarossa”  planına  Bakının  neft  mədənləri  ilə  yanaşı,  Sumqayıtın  Sintetik  Kauçuk  Zavodunun  da  zəbt  olunmasını  daxil  etmişdir. Çünki  zavodda  dünyada  ilk  dəfə  olaraq  Lebedev  üsulu  ilə  sintetik  kauçuk  alınacaqdı.  Şin,  konveyer  lentlərinin  və  digər  rezin  məmulatların  hazırlanması  üçün   sintetik  kauçuk  vacib  xammal  idi.  Zavodun  idarə  olunması  üçün  A. Hitler  hətta  Xayo  Eylers  adlı  bir  şəxsi  direktor  təyin  etmişdir.

  Keçmiş  İttifaqın  baş  katibi  N. Xruşşov  1960-cı  ildə  Sumqayıta  rəsmi  səfəri  zamanı  Sintetik  Kauçuk  Zavodunda  olmuş,  sexləri  gəzərək  iş  prosesi  ilə yaxından  tanış  olmuşdur. Ekspozisiyada  nümayiş  olunan  fotoalbom  vasitəsi  ilə  səfər  haqqında  dəqiq  məlumat  almaq  mümkündür.

             Sosialist  Əməyi   Qəhrəmanı (1966)   Şəmşad  Pənahov  1957-ci   ildən  etibarən,   öz  taleyini  Sintetik   Kauçuk  zavodu  ilə  bağlamışdır. O,  burada  aparatçı ,  baş  aparatçı,  bölmə  rəisi,  sex  rəisinin  müavini  kimi  müxtəlif  vəzifələrdə  çalışmışdır.

             1950-ci   illərdə  Sumqayıtın   sənaye   həyatında   daha   bir  yenilik  oldu. 8 mart 1955-ci  ildə  əlvan  metallurgiyanın  flaqmanı  Sumqayıt  Alüminium  Zavodunda  ilk  külçə  alındı.  Zavodun  məhsulları – latun  külçələr,  soyuducular  üçün  buxarlandırıcılar,  məişətdə  istifadə  olunan  alüminium  və  latun  qab – qacaqlar  bir  sıra  ölkələrə − İraqa, Çexoslovakiyaya, Yuqoslaviyaya, Macarıstana, Polşaya  ixrac  olunurdu. Müəssisənin  əsas  istehsalat  sexlərindən  olan – elektroliz  sexinin  briqadiri  Ziyad  Ağayev  əmək  qabaqcılı  idi.  Yeddiillik  planı  qabaqcadan  yerinə  yetirdiyinə  görə  “Sosialist  Əməyi   Qəhrəmanı  − 1966” fəxri  adını   almış  Əsəd  Məmmədəliyev  zavodun  fəxri   idi. 

            Bu  müddət  ərzində  Sumqayıt   təkcə  sənaye  mərkəzi  kimi  formalaşmırdı.  Əhalinin  say  artımını  nəzərə  alan   1 №-li  trest  bir-birinin  ardınca  4; 9; 16; 21-ci  məhəllələri  inşa  edərək  sakinlərin  ixtiyarına  verirdi. Məhsuldar  əməyini  nəzərə  alan  SSRİ  Ali  Sovetinin Rəyasət  Heyəti  1966-cı  ildə  tresti  “Qırmızı  Əmək  Bayrağı”   ordeni   ilə   təltif   etmişdir.  Trest   1957−1981-ci   illərdə   isə  “Keçici  Qırmızı  Bayraq” la   mükafatlandırılmışdır.  

            Sumqayıtı  kimya  şəhəri  adlandıranlar  səhv  etmirlər.  1964-cü  ildə  istismara  verilmiş  Superfosfat  zavodu  Zaqafqaziyada  fosfor  gübrəsi  istehsal  edən  yeganə  müəssisə  idi. Zavodun  qabaqcıl  işçilərindən  olan  Ağaxan  Ağayev  1980-ci  ildə  “Sosialist  Əməyi   Qəhrəmanı”  adını  qazanmışdır. O,  zavodda  aparatçı  peşəsi  üzrə  püxtələşmişdir. 

            Sumqayıtlıların  adı  “Əmək  şöhrəti   kitabı” nda  qeyd  olunurdu. Onlardan  biri  də 

Tamara  Rufullayeva  idi.  Sumqayıt  Sintetik  Yuyucu Məhsullar  Zavodunun  qablayıcısı  Tamara Rufullayevanın sosializm  yarışının qalibi, 10; 11-ci  beşilliklərin   zərbəçisi  kimi  təltif  olunduğu  döş  nişanları ekspozisiyada  yer  almışdır. 

             1957-ci  ildə  yaradılmış “Neftkimyaavtomat”  Elmi − Tədqiqat  İnstitutu  gənc  şəhər  üçün  ixtisaslı  kadrlar  hazırlayırdı. Bu  işdə  Bakı Neft  Texnologiya  Texnikumu kimi  yaradılmış,  1959-cu  ildən  fəaliyyətini  Sumqayıt  Texnologiya  Texnikumu kimi  davam  etdirən   bu   tədris  ocağı  yardımçı  rolunu  oynayırdı. Sosialist  Əməyi   Qəhrəmanları  Dadaş  Dadaşov, Ağaxan Ağayev  bu  texnikumun  yetirmələri  olmuşlar.

              Böyük  kimyaçı  alim  Yusif  Məmmədəliyevin  fəaliyyətinin  bir  qolu  Sumqayıtla  bağlı  olmuşdur. O,   dünyada  ilk  dəfə  olaraq  Sumqayıtda  metanın  reaktorda  alınması  texnologiyasını  yaratmışdır.  Sumqayıt  Polimer  Materialları İnstitutunun  inşası  məhz  onun  təşkilatçılığı  ilə  baş  tutmuşdur.  Həmin  institutun  labaratoriya  müdiri  işləmiş,  kimya  elmləri  doktoru,  professor  Mustafa  Salahov  Sumqayıtda  elmin  bünövrəsini  qoyanlardan  biridir,  Respublikanın  Əməkdar ixtiraçısıdır.  Məişətdə  işlənən  bir  neçə  təmizləyici,  yuyucu  pastalar  onun  ixtiralarındandır.

              Şəhərin  səhiyyə  həyatından  da  bir  neçə  məqamları  qeyd  etmək  olar.  İlk  tibbi  sanitar  məntəqə  Sumqayıtda  “ZAQSƏNAYEİNŞAATITRESTİ”  tərkibində 1946−1947-ci  illərdə  yaranmışdır. İlk  şəhər  xəstəxanası – Birləşmiş  Şəhər  Xəstəxanası  1955-ci  ildən  öz  xəstələrini  qəbul  etmişdir. Respublikanın  Əməkdar  həkimi (1960)  Şamil  Muradovun,  İzzət  Sadıxovun  uzunmüddətli  həkimlik  fəaliyyəti  birbaşa  bu  tibb  ocağı  ilə  sıx  bağlı  olmuşdur. Xəstəxana  1972-ci  ildən  etibarən,  Sumqayıt  Şəhər  Təcili  Tibbi  Yardım Xəstəxanası  kimi  əhalinin  sağlamlığı  keşiyindədir. Ekspozisiyada  nümayiş  olunan tanınmış cərrah Dünyamalı  Qasımovun  qələmə  aldığı “Böyük  cərrahiyyənin zirvəsinə  gedən  uzun  və  çətin  yol”  kitabında  müəllif  həkimlik  peşəsinin ucalığından  söhbət   açaraq  bu  kəlmələri  yazmışdır:  “Həyatımın  50  illik  cərrahlıq  dövründə  8  mindən  artıq   əməliyyat  apararaq  minlərlə  insana   həyat  bəxş  etmişəm”. Bu  şərəfli  missiyanı  ləyaqətlə  davam  etdirən  yüzlərlə  səhiyyə işçisi hal-hazırda  şəhərimizdə  fəaliyyət  göstərən  27 tibb  müəssisəsində,  uğurla  inkişaf  edən  özəl  sektorda (“Real”,  “Hippokrat”,  “Liman“  tibb  mərkəzləri)  çalışır.

              Sumqayıt  iri  sənaye  mərkəzi  olmaqla  yanaşı,  eyni  zamanda  elm, təhsil  ocağıdır.  İlk  təhsil  ocağı – 2 №-li  məktəb  (TETG)  1946-cı  ildə  Bakının  Sumqayıt  rayonunun  145  №-li  məktəbi  kimi  qeydə  alınmışdır.  200 №-li   məktəb  kimi  fəaliyyət  göstərmiş  1 №-li   orta  məktəb  isə  1947-ci  ildən  öz  şagirdlərini   qəbul  etmişdir.  Sumqayıt  şəhər  statusu  aldıqdan  sonra  ilk  təhsil  ocağı  hesab  olunan  4 №-li   məktəb  (1955)  bu  gün  də  şagirdlərin   ixtiyarındadır.  Hal-hazırda  şəhərimizdə  50  ümumtəhsil  məktəbi   fəaliyyət   göstərir.  Onlardan  4-ü  lisey,  1-i  gimnaziyadır.  3 texniki   peşə   liseyi, 2 internat məktəbi,  eyni zamanda, SDU, Müəllimlər  İnstitutunun  Sumqayıt  filialı, Sumqayıt  Dövlət  Texniki  Kolleci,  Sumqayıt  Tibb  Texnikumu,  Sumqayıt  Özəl  Orta  İxtisas  Kolleci  fəaliyyətdədir.

               Sumqayıtın  təhsili  etibarlı  əllərdədir  –  desək   səhv  etmərik. Çünki  bu  gün  ali  məktəblərə  qəbul  zamanı  ən yüksək  göstəriciləri  sumqayıtlı  tələbələr  əldə  edir.  Sumqayıtın  onlarla  “Əməkdar  müəllim”  titulunun  daşıyıcıları  var. Ekspozisiyada  nümayiş  olunan  Səməd  Şəfiyevin  şəxsi  arxivindən  olan  materiallar  bizə  Sumqayıtın  ilk  “Əməkdar  müəllimi”  (1958)  haqqında   bir  neçə  kəlmə  deməyə  əsas  verir. 1953-cü 

ildən  taleyini  Sumqayıtla  bağlayan  Səməd  Şəfiyev  1954-cü  ildə  Sumqayıt  Şəhər  Xalq  Maarifi  Şöbəsinin  müdiri  işləmişdir. O, uzun  müddət  16  saylı  orta  məktəbə  rəhbərlik  etmişdir.  Səməd  Şəfiyev  qabaqcıl   maarif   işçisi  kimi  gənc  nəslə  örnəkdir.

 

               Sənaye  mərkəzi  kimi  doğulan  Sumqayıt  illər  ötdükcə  həm  də  mədəniyyət  özəyi  kimi  tanınmağa  başladı. Hələ  1946–1947-ci  illərdə  Sumqayıtın  tikintisində  iştirak  etmiş  alman  əsirləri  İES-in  saldığı  qəsəbədə  yerləşən  klubda  (taxta  barakın  bir  hissəsi  o  illərdə  klub  müəssisəsi  kimi  istifadə  olunurdu)  hazırladıqları  səhnəciklərlə  çıxış  edirdilər.  Taxta  baraklarda  həmin  səhnəciklərə  tamaşa  edən,  flimləri  izləyən  inşaatçılar  üçün  ilk  mədəniyyət  müəssisəsi  “Energetik” 1949-cu  ildə  inşa  olunmuşdur. Asudə  vaxtın  səmərəliliyinin  təminatçısı  ikinci  məkan  C. Məmmədquluzadə  adına  ilk  kütləvi  kitabxana  olur. 1954-cü  ildə  isə  şəhərimizin  ilk  musiqi  beşiyi – 1 №-li  musiqi  məktəbi (Q. Qarayev  adına  Uşaq Musiqi məktəbi)  öz  ətrafına  yüzlərlə  uşaq  və  yeniyetməni  toplayır. İllər  bir-birini  əvəzlədikcə  klubların, mədəniyyət  evlərinin,  kitabxanaların,  kinoteatrların  sayı  da  çoxalır.  Sumqayıtın  fəxri   vətəndaşı   (1982)   Nəbi  Xəzri   hələ  1960-cı   illərdə   qələmə   aldığı  “Sumqayıt  səhifələri” nə  bu  sözləri  də  yazır :  “Bir  əsrin  özünü  görmək  istəyən,  gəlib  bircə  dəfə  qoy  mənə  baxsın”.

              Gəncliyin  təmsilçisi  Sumqayıtın  çal-çağırlı,  qonaq-qaralı  günləri  aylara,  ayları   illərə    sığmayıb.   C.  Cabbarlı     adına      Mədəniyyət    Evinin    rəqs    kollektivi   (rəhbəri A. Rəhimov), N.Nərimanov adına Mədəniyyət  Evinin “Pöhrə” uşaq  aşıqlar ansamblı  (rəhbəri  S. Abbasov), Sumqayıt  Musiqi  Texnikumunun  “Tello” folklor  ansamblının (rəhbəri S. Ağalarov) çıxışları  şəhər  tədbirlərinin  yaraşığı  idi. C. Cabbarlı  adına  Mədəniyyət  Evinin  1961-ci  ildə  “Xalq  Teatrı”  adını  qazanmış  dram  kollektivi  Moskvada  Kreml  Sarayının  səhnəsində  S. Vurğunun  “Fərhad  və  Şirin” əsəri  ilə  çıxış  etməklə  Ümumittifaq festivalın  laureatı  olmuşdur.

              C. Cabbarlı  adına  Mədəniyyət  Evinin  və  S. Vurğun  adına  Mədəniyyət  Sarayının  “Xalq  Teatrı”  fəxri  adının  daşıyıcıları − həvəskar  teatr  truppaları  1968-ci  ildə  bir   araya   gələrək  Sumqayıt  Dövlət  Gənclər  Dram  Teatrı  adı   altında  birləşdilər.  1969-cu  ilin  baharında,  müqəddəs  Novruz  Bayramına  bir  həftə  qalmış  M. F. Axundovun  “Müsyö  Jordan  və  dərviş  Məstəli  şah”  məshəkəsini  peşəkarcasına  oynamaqla   teatrın   açılışını  elan  etdilər. Püxtələşmiş  teatr  kollektivi  1981-ci  il  aprel  ayının  10-11-də   V. Mayakovski   adına   Akademik   Teatrın   səhnəsini   N. Həsənzadənin “Bütün  Şərq  bilsin”  əsəri  ilə  fəth  etdilər. Nəticədə  Ümumittifaq  müsabiqənin  II  dərəcəli  diplomu  ilə  mükafatlandırıldılar. 

               Şəhərimizin    aparıcı  musiqi  məktəblərindən  hesab  olunan  2 №-li  musiqi  məktəbi  (Bülbül  adına  Uşaq İncəsənət Məktəbi) binasının  maraqlı  tarixçəsi  var.  1970-ci  illərdə  mərkəzin  göstərişi  ilə  respublika  rəhbərliyi  Sumqayıtda  ancaq  yaşayış  evlərinin  tikintisini  ön  plana  çəkmişdir. Yeni  hazırlanmış  layihə  əsasında  rəhbərlikdən  izinsiz  Sumqayıt  Şəhər  İcraiyyə  Komitəsinin,  ələlxüsus  Sumqayıt  Şəhər  Mədəniyyət  Şöbəsinin  təhriki  ilə  musiqi  məktəbinin  tikintisi  həyata  keçirilmişdir. Ekspozisiyada  nümayiş  olunan  fotoşəkil  1980-ci  il  tarixdə  məktəbin  konsert  zalının  açılış  mərasimini  əks  etdirir. Ümumiyyətlə, mədəniyyət  tariximizə  öz  tədbirləri,  konsert  proqramları  ilə  möhürünü  vurmuş  mədəniyyət  müəssisələrini  birləşdirən  Sumqayıt  Şəhər  Mədəniyyət  Şöbəsi  ötən  əsrin  80-ci  illərində  2 il  dalbadal  mədəni  xidmətin  təşkili  üzrə  respublika  yarışlarının  qalibi  olmuş,  1979–1980-ci  illərdə  Keçici  Qırmızı  Bayrağa  sahiblənmişdir.

Bu  gün  də  Sumqayıt  öz  tədbirləri  ilə  mədəniyyət  tariximizə  yeni-yeni  səhifələr  yazır.            

 Sumqayıt  özünün  zəngin  idman  ənənələri,  idmançıları  ilə  tanınır. Şəhər  statusu  aldıqdan  sonra  Sumqayıtda  idmanın  bəzi  növləri – futbol,  voleybol, basketbol,  boks,  güləş   inkişaf  edirdi.  Sumqayıtın  idman  tarixinə  nəzər  salsaq  sambo  üzrə  Dünya

çempionu (1982)  Faiq  Ağayevin,  sərbəst  güləş  üzrə  SSRİ  çempionu Rəhim  Novruzovun  (1983),  boks  üzrə  SSRİ  çempionu  Malik  Ağayevin  adlarını  çəkmək  olar.  Hələ  ötən  əsrin  50-60-cı  illərində  Sumqayıtda  fəaliyyət  göstərən  müəssisələrdə  idmanın  müəyyən  növü  üzrə,  ələlxüsus  futbol  üzrə  həvəskar  komandalar  yaradılmışdır. Əməkdar  məşqçi  İsmayıl  Əhmədov  1959-cu  ildə  Sumqayıtda  ilk  dəfə  olaraq  Kimya  Texnologiya  Texnikumunun   idman  zalında  sambo  üzrə  bölmə  təşkil  etmişdir.

               İlk  stadion – “İnşaatçılar” ın   tarixi  1954-cü  ildən  hesablanır. 1966-cı  ildə  yaradılmış  M. Hüseynzadə  adına  şəhər  stadionu  respublika  əhəmiyyətli  yarışların  əsas  ünvanlarından  birinə  çevrilmişdir.  1980-ci  ildən  fəaliyyət  göstərən  3 №-li  Uşaq − Gənclər  Şahmat – Dama  İdman  Məktəbi  yeniyetmə  və  gənclərin  asudə  vaxtının  səmərəli  təşkilinə  xidmət  edir.  1980-ci  illərdə  məktəbin  yetirməsi  olmuş  Fatma  Məhərrəmova   dəfələrlə   respublika  yarışlarının  iştirakçısı,  mükafatçısı   olmuşdur.   

               Hal-hazırda  şəhərdə  bədən  tərbiyəsi  və  idman  sahəsində  dövlət  siyasətini həyata  keçirən  Gənclər və  İdman Baş  İdarəsi (1995)  bu  sahənin  inkişafı,  əhalinin  sağlam  həyat  tərzinə  cəlb  olunması  üçün  yarışlar, spartakiadalar  keçirir.  Sumqayıtda “Təhsil”  idman  mərkəzi  “Zenit”,  “Spartak”,  “Kimyaçı”  idman  cəmiyyətləri,  Sumqayıt  Şəhər  Paralimpiya  İdman  Kompleksi  fəaliyyət  göstərir  ki,  burada  minlərlə  yeniyetmə  və  gənc  idmanın  24  növü üzrə  məşğul  olur.

              İstər  Sovet  rejiminin   hökm   sürdüyü   illərdə,   istərsə  də   Müstəqillik  dövründə   Azərbaycanın    ikinci   nəfəsi   Sumqayıt   dostluğun   ünvanı   kimi  tanınmışdır.  Bu   ünvanı   ilk   tanıyan   Gürcüstanın   metallurqlar   şəhəri   Rustavi  şəhəri (1952)  oldu.  Sonralar  bu  qapını  Rumıniyanın  Piteşti (1971), Ukraynanın  Çerkassı (1972), Almaniyanın Lüdviqshafen (1977) şəhərləri döydülər. Sumqayıt  ad  günlərində ilk  təbrikləri  onlardan  eşidər, ilk  hədiyyələri  onlardan  qəbul  edərdi.  Hal-hazırda  Sumqayıtın  dostları  daha  çoxdur.  Çinin  Cuçou (2003), İtaliyanın   Bari  (2004),  Türkiyənin  Ceyhan  (2005),   Belorusiyanın  Mogilyov (2008), Qazaxıstanın  Aktau (2009)  şəhərləri  Sumqayıta  dost  kimi  üz  tuturlar.

              Yola  saldığımız  2009-cu  il  əsrin  möcüzəsi – Sumqayıtın  60  illik  yubileyi  ilə  tarixə  düşdü.  Prezident  İlham  Əliyevin  24  aprel  2009-cu  il  tarixdə  imzaladığı  sərəncama  əsasən,  yubiley  mərasimləri  respublika  miqyasında  qeyd  olundu.  Şəhərimiz  də  bu  təntənəni  özünəməxsus  tərzdə  yaşadı. “Sumqayıta  həsr  olunmuş  ən  yaxşı  mahnı”,  “Sumqayıta  həsr  olunmuş  ən  yaxşı  şer” müsabiqələri  keçirildi.  Sumqayıta  həsr  olunmuş  şerlərdən  ibarət  “Həzin  nəğmələrdə   yaşayan   şəhər”,    Sumqayıtın   mədəniyyət   tarixinə   əvəzsiz  töhvə  “Mədəniyyətin  tərəqqi  ünvanı – Sumqayıt ”  kitabları  nəşr  olundu.

               Sücaət  və  qəhrəmanlıq  dastanı – Böyük  Vətən  müharibəsi, Dağlıq  Qarabağ  savaşı  və  sumqayıtlılar... Kiçik  ekspozisiya  zalımızda “Vətən  uğrunda  ölüm – həyatın  davamıdır”  fikri  ilə  qəhrəman  oğul  və  qızlarımızın  keçdiyi  şərəfli  yola  nəzər  salırıq.

               Tarix  sınaqları  sevir.  Ötən   XX  əsrdə  doğma  Azərbaycanımız  dəfələrlə  sınağa  çəkildi.  1941-ci  il  iyun ayının  22-də  başlanan  II  Cahan  savaşının  əsas  tərkib  hissəsi –

Böyük  Vətən  müharibəsinin  1945-ci  il  may  ayının  9-u   zəfər  çalmasında  azərbaycan-

lıların  payı  az  olmamışdır. Müharibə  başlananda  Sumqayıtın ərazisində  inşaat  işlərinə  cəlb  edilmiş  gənclər  də  düşmənə  qarşı  vuruşmağı  özlərinə  borc  bildilər. Onlardan  biri  də  tikintidə  bənna  işləyən  Tambov  vilayətindən  olan  Yakov  Sinyov  idi. O, Moskvada  texniki-peşə  məktəbini  bitirdikdən  sonra  Sumqayıta  işləməyə  gəlmişdi.

Qorxmazlığı,  mərdliyi  ilə  seçilən  Yakov  Sinyov  döyüşlərin  birində  30-dan  çox  alman  əsgər  və  zabitini  məhv  etmiş, 1943-cü ilin aprelində Krımsk  uğrunda  vuruşmada  qəhrəmancasına  həlak  olmuşdur. Düşmənin  atəş  nöqtəsini  susdurmaq  üçün  sinəsini  pulemyot  lüləsinin  qabağına  verərək  qəhrəmancasına  həlak  olan  Yakov  Sinyovun  ölümündən  sonra  ona  “Sovet  ittifaqı  Qəhrəmanı” adı  verilmişdir.  Krımsk  şəhərindəki  qardaşlıq  qəbiristanlığında   40  nəfər  azərbaycanlı  döyüşçü  ilə  birgə  Sovet  ittifaq  Qəhrəmanı  Yakov  Sinyov  da  uyuyur.  1974-cü  ildə  onun  adını  1 №-li  trestin  briqadiri  İdris  Dadaşovun  briqada  üzvlərinin  siyahısına  daxil  ediblər. Tambov  vilayətinin  İnjavin  rayonunda, Tambov  şəhərində,  Krımskda,  Sumqayıtda  onun  adını  daşıyan  küçə  var. 

              “Sovet  İttifaqı  Qəhrəmanı”  fəxri  adına  layiq  görülmüş  həmyerlilərimizdən  biri  də  Mikayıl  Ələkbərov idi. O, 1924-cü  ildə Saray kəndində  doğulmuşdur. Bakı  Dənizçilik  məktəbinin  kursantı  Mikayıl  Ələkbərov  müharibənin  ilk  günlərində  gəmidə  cəbhə  üçün  yanacaq  daşıyırdı. 1942-ci  ildə  könüllü  olaraq  cəbhəyə  yola  düşmüş,  81-ci  atıcı  diviziyada  kəşfiyyatçı  kimi  xidmət  etmişdir.  Dnepropetrovsk   uğrunda  döyüşlərdə  göstərdiyi  rəşadətə  görə 1943-cü  ildə  ona  “Sovet  İttifaqı  Qəhrəmanı”  adı  verilmişdir.   Dnepropetrovsk  vilayəti   Sarıçansk  rayonunun  Rudko  kəndində 309  döyüşçünün  xatirəsinə    ucaldılmış    abidə    üzərinə    yalnız    Mikayılın    portreti    həkk    olunmuşdur. Çünki  o,  burada  yeganə  Sovet  İttifaqı  Qəhrəmanıdır. Saray qəsəbəsindəki  məktəb  qəhrəmanın  adını  daşıyır. 

              Ekspozisiyada  nümayiş  olunan  partizan  Şahbaba  Məcidova  məxsus  geyim  onun  haqqında  bir  neçə  kəlmə  deməyə  bizə  imkan  verir. 1943-cü  ildə  düşmən  əsirliyindən  qaçan  Şahbaba  Məcidov  İtaliyanın  Rovennı  əyalətindəki  diviziyanın  tərkibinə  daxil  olmuş  və  müharibənin  sonuna  kimi  burada  vuruşmuşdur. 

Rusiyanın  Rostov  vilayətindəki “1943-cü  ildə  Taqanroq  şəhəri  və  Rostov    vilayəti xilaskarlarının  Şöhrət  memorialı” monumental  abidəni  (heykəltəraş – E. Şamilov)  sumqayıtlı  veteranlar  da  ziyarət  edir. 416 və  130-cu  Taqanroq  diviziyalarının həlak  olmuş  döyüşçülərinin, o  cümlədən  sumqayıtlı  döyüşçülərin  şərəfinə  ucaldılmış   abidəni  əks  etdirən  fotoşəklin  ekspozisiyada  nümayişi  maraq  doğurmaya  bilmir.

1943-cü  ildə   Taqanroq  şəhərini,  1944-cü  ildə  Belqradı  azad  etdiyinə  görə  əsasən   azərbaycanlılardan  təşkil  olunmuş  “416-cı  Taqanroq”,  “223-cü  Belqrad” diviziylarında  xidmət  etmiş  əsgər  və  zabitlər  arasında  sumqayıtlılar  da  vardı. “416-cı  Taqanroq”  diviziyası  Melitopolun  faşizmdən  azad  edilməsində  fərqləndiyinə  görə  “Qırmızı  Bayraq”,  Odessanın   azad  edilməsində  iştirakına  görə  “II  dərəcəli   Suvorov”  ordenləri  ilə  təltif  olunmuşdur.

            “223-cü   Belqrad”  diviziyası  1941-ci  ildə  demək  olar  ki,  Sumqayıtdan  yola  salınmışdır. Diviziya  Avstriyanın  Vyana  şəhərinin   azad  edilməsində  iştirakına  görə  “Qırmızı  Bayraq”  ordeni   ilə  təltif  olunmuşdur. A. Kasyanov, Ç. Qurbanov  bu  diviziyanın  qəhrəman   döyüşçüləri   idi .

             XX  əsrin  sonlarına  doğru   yaşadığımız   Qarabağ   savaşının   başlanğıcı   Sumqa-

yıtdan   start   götürdü.  Belə   ki,  1988-ci   ildə   başda   M.  S.  Qorbaçov  olmaqla   erməni  millətçiləri  Dağlıq   Qarabağı   Ermənistana   birləşdirərək   “Böyük  Ermənistan”  yaratmaq  məqsədi  ilə  erməni  “genosidi”  törətmək  üçün  Sumqayıtı  əlverişli  məkan  hesab  etdilər.  Fevral  ayının  27-dən  başlayaraq  2 gün  ərzində  şəhərdə  qanlı  cinayətlər  törətdilər.  Hadisə  zamanı  32  nəfər  (26-sı erməni  idi)  öldürüldü.  Sumqayıt  ilk  şəhidlərini  verdi  – Vəkil  Babayev,  Surxay Əliyev, Canpolad  Orucov,  Natiq  İsgəndərov, Dadaş Xudatov

erməni  məkrinin  qurbanı  oldu. Qanlı  aksiya  zamanı  400  nəfər  bədən  xəsarəti  aldı,  200  mənzil, 50  mədəni-məişət  obyektləri  dağıdıldı.

            Fevral  hadisələri  Qarabağ  uğrunda  elan  edilməmiş  müharibəyə  yol  açdı. Bu  savaşda  Sumqayıt  600-ə  yaxın  şəhid  qazandı. Onlardan  367-si  dənizkənarındakı  əbədi   məskəndə − “Şəhidlər  Xiyabanı”  nda  uyuyur.  Ekspozisiyamızda  20-dən  çox  şəhidin  şəxsi  arxivi  nümayiş  olunur.   Sumqayıt  “Şəhidlər  Xiyabanı” nın  ilk  “sakin” i  Rəhman  Qəhrəmanov  muzeyin  əməkdaşı  idi.  O  cümlədən  ekspozisiyada  “Azərbaycanın  Milli  Qəhrəmanı” fəxri  adına  layiq  görülmüş  Mətləb  Quliyevin, Bəhruz  Mansurovun  şəxsi  arxivlərindən   seçmələrə,  sumqayıtlı  nümayəndələrin 1993–1994-cü  illərdə  Ağdamın  Mahrızlı  kəndində  sumqayıtlı  döyüşçülərlə  görüşünü  əks  etdirən  fotoşəkillərə  geniş  yer  verilmişdir.  Mövzu  ilə  səsləşən  “Ulduz  axını”  abidəsi (müəllif: Əməkdar  incəsənət  xadimi V. Nəzirov),  sumqayıtlı  rəssam  Maqsud  Cəfərovun  Qarabağ   ağrı-acısını  əks  etdirən  rənkarlıq  nümunələri  azəri  yurdunun  bir  parçası  Sumqayıtın  mətinliyini sübut  edir.

            Heydər  Əliyevin  Sumqayıt  səfərlərinə  həsr  olunmuş  ekspozisiya  zalı  ilə  tanışlıqda  Azərbaycana  həsr  olunmuş  bir  ömrün  Sumqayıt  səhifələrini  vərəqləməli  oluruq. Ulu  öndərin  ustalıqla  yaradılmış  büstü,  onun  Sumqayıt  səfərləri  ilə  bağlı  sənədlər, fotoşəkillər, qəzet  və  jurnallar  toplusu  səbəbkarın  təbirincə   desək:  “Sumqayıt  bütün  Azərbaycanın  gözəl  təcəssümüdür”  fikrinə  aydınlıq  gətirir.

            “Sumqayıtın  inkişafı  Heydər  Əliyevin  adı  ilə  bağlıdır” bu  fraza  sumqayıtlıların  dilindən  düşmür. 34  illik  hakimiyyəti  dövründə  şəhərimizin  sosial-iqtisadi,  mədəni  həyatının  inkişafında  ulu  öndərin  müstəsna  rolu  danılmazdır. Bu  inkişafı  Sumqayıtın  Tarixi  Muzeyinin  ekspozisiya  zalında  “Heydər  Əliyev  və  Sumqayıt”  sərlövhəli  sərgi  ilə  tanışlıqda, sərgidə  nümayiş  olunan  fotoşəkillərin, sənədlərin, qəzet  və  jurnal  toplusunun  köməyi  ilə  aydın  görmək  mümkündür. Ümumiyyətlə, bu  mövzu  bağlı  sərgi  1993-cü  ildən  etibarən  fəaliyyət  göstərir. Muzeyin  fondunda  Heydər  Əliyevin  Sumqayıt  səfərlərini  əks  etdirən  sənədlər, qəzet  nüsxələri  ilə  yanaşı, bu  səfərlərdən  çəkilmiş 150-ə  yaxın  fotoşəkillərin  əsli  qorunur.

             7  aprel  1971-ci  ildə  H. Əliyev  ilk  dəfə  olaraq  Sumqayıta  rəsmi  səfər  etmişdir.  Həmin  gün  o, Sov.İKP-nin  XXIV  qurultayında  iştirak  edən  Rumıniya  nümayəndə  heyəti  ilə  birgə  “Üzvi  Sintez”  İstehsalat  Birliyində  olmuş,  sexləri  gəzərək  buraxılan  məhsulların  keyfiyyəti, əməkçilərin  iş,  məişət  şəraiti  ilə  maraqlanmış,  məsləhət  və  tövsiyyələrini  vermişdir. Onun  məsləhəti  ilə  şəhərimizdə  həmin  il  “Kompressorlar” Zavodu  tikilib  istifadəyə verilmişdir. Yaponiyanın  “Nippon  Elektrik  İndustri”  şirkətinin  lisenziyası, avadanlığı əsasında  qurulmuş  müəssisədə  soyuducular  üçün  motor-kompressor  istehsal  olunurdu.     

            30  noyabr  1973-cü  ildə  H.Əliyev  ikinci  dəfə  Sumqayıta  səfər  etmişdir.  Bu  dəfə  o,  şəhərin  metallurgiya  nəhəngi  olan  Azərbaycan  Boru − Yayma  Zavodunda  olmuş,  metallurqlarla  görüşərək  öz  irad  və  təkliflərini  bildirmişdir. Ağır  sənaye  ilə  yanaşı, yüngül  sənayenin  də  inkişafına  diqqət  yetirən  rəhbərin  göstərişi  ilə  1973-cü 

ildə  “Xovlu  İplik” ,  “Üst  Trikotaj”  Fabrikləri  tikilib  istifadəyə  verilmişdir.

            31  yanvar  1974-cü  ildə  Sumqayıta  səfər  edən  Heydər  Əliyev Şəhər  Partiya Komitəsinin  XVIII  konfransında  iştirak  edərək  proqram  xarakterli,  dərin  məzmunlu  nitq  söyləmişdir.

28  fevral  1974-cü  ildə   SSRİ   Nazirlər   Soveti  sədrinin  I  müavini  N. Tixonovla  birlikdə    Sumqayıta    yenidən   səfər    edən   H.  Əliyev   Azərbaycan   qara   metallurgiya sənayesinin  flaqmanı  olan  Boru − Yayma  Zavodunda  və  “Sumqayıtkimyasənaye” 

İstehsalat  Birliyində  olmuşdur.             

27  noyabr  1974-cü  ildə  H.Əliyev  Sumqayıt  şəhərinin  25  illik  yubileyi  ilə  əlaqədar  Şəhər  Partiya  Komitəsinin  və  Şəhər  Zəhmətkeş  Deputatları  Sovetinin  birgə  iclasında  iştirak  edərək  geniş,  proqram  xarakterli  nitq  söyləmişdir. Bir  ildə  Sumqayıta  3 dəfə  səfər  etməsi  bir  daha  sübut  etmişdir  ki,  ölkə  başçısı  şəhəri  daim  nəzarətdə  saxlamış,  ortaya  çıxan  hər  bir  problemi  operativ  həll  etmişdir.

            25  yanvar  1978-ci  ildə  Sov. İKP  MK-nın  I  katibi  V.Zimyaninlə  birgə  Sumqayıta  səfər  edən  H.Əliyev  “Neftkimyaavtomat”  Elmi – Tədqiqat İnstitutunda,  Azərbaycan  Boru − Yayma   Zavodunda  olmuşdur. Səfər  çərçivəsində  şəhərin  mədəni  həyatı  da  diqqətdən  yayınmamış,  onun  tövsiyyəsi  ilə  1978-ci  ildə  “Kimyaçı”  mədəniyyət  sarayının  bünövrəsi  qoyulmuşdur.

            5  oktyabr  1979-cu   ildə   SSRİ   Ali   Soveti   Rəyasət   Heyəti   sədrinin  I  müavini

V. Kuznetsovla  birgə  şəhərimizdə  səfərdə  olan  H. Əliyev  Azərbaycan  Boru - Yayma  Zavodunda,  Sumqayıt  Şəhər  Sərgi  Salonunda,  “Keyfiyyət  evi” ndə  olmuşdur.  Ölkə  başçısı  “Xovlu  İplik”  Fabrikinin,  Sumqayıt  Alüminium  Zavodunun,  “Üzvi  Sintez”  İstehsalat  Birliyinin  problemləri  ilə  tanış  olmuş,  müvafiq  tədbirlərin  görülməsi  üçün  göstərişlər  vermişdir.  Əsas  məqsəd  “Xovlu  İplik”  Fabrikində  avadanlıqların  modernləşdirilməsi,  SAZ  və  “Üzvi  Sintez”  İstehsalat  Birliyində  buraxılan  məhsuların   keyfiyyətinin   yüksəldilməsi  idi.

            8 aprel  1981-ci   ildə   H. Əliyev   Sumqayıta   səfər   edərək   “Xovlu   İplik”, “Üst Trikotaj”  Fabriklərində,  Azərbaycan  Boru − Yayma  Zavodunda, SAZ-da, Evtikmə  Kombinatında, “Üzvi  Sintez”  İstehsalat  Birliyində, “Keyfiyyət  evi” ndə,  “Aygün”  Məişət  Evində,  3  №-li  Uşaq − Gənclər  Şahmat − Dama  İdman  Məktəbində  olmuşdur.

            9 aprel  1981-ci  ildə  yenidən  Sumqayıta  dönən  ölkə  başçısı  S.Vurğun  adına  Mədəniyyət  Sarayında  keçirilən  partiya  fəallarının  yığıncağında  iştirak  edərək  geniş  məzmunlu   nitq  söyləmişdir.  

            12  fevral  1982-ci  ildə  H.Əliyev  Azərbaycan  Boru − Yayma  Zavodunda  keçirilən  “Lenin  Cümə  Günündə”  çıxış  etmişdir.  Həmin  ildə  SSRİ  Nazirlər  Soveti  sədrinin  I  müavini  vəzifəsinə  təyin  olunsa  da  o,  daim  Azərbaycanı  diqqət  mərkəzində  saxlamış,  respublikada  yaranmış  problemləri  mümkün  qədər  operativ  həll  etməyə  çalışmışdır.          

            28  dekabr  1993-cü  ildə  Müstəqil  Azərbaycan  Respublikasının  Prezidenti  kimi  Sumqayıta  gələn  H.Əliyev  Türkiyənin  “Teletaş”  firması  tərəfindən  şəhərimizdə  quraşdırılmış  telefon  stansiyasının  açılışında  iştirak  etmiş,  Sumqayıt  Şəhərinin  Tarixi   Muzeyinin  qonağı  olmuşdur.

            2  iyun  1996-cı  ildə  H.Əliyev  BMT-nin  İnkişaf  Proqramı  tərəfindən  hazırlanmış  “Azərbaycan  Respublikasında   insanın  inkişafı  haqqında  hesabat”  kitabının  təqdimat 

mərasimində  iştirak  etmək  üçün  Sumqayıta  səfər  etmişdir. Təqdimat  mərasimində  iştirak  edərkən  o,  “Sumqayıtda  yaranmış  qara  metallurgiya,  əlvan  metallurgiya,  kimya,  yüngül  sənaye  müəssisələri,  burada  yaranmış  inşaat  kompleksi  bunlar  hamısı  birlikdə  Azərbaycan  iqtisadiyyatının  inkişafında  çox  əhəmiyyətli  rol  oynamışdır...” demişdir.

             27  sentyabr  1998-ci  ildə  Azərbaycan  Respublikası  Prezidentliyinə  namizəd  H.Əliyev   Ü. Hacıbəyov  adına  “Kimyaçı”  Mədəniyyət  Sarayının  qarşısında  sumqayıtlı  seçicilərlə  görüşərək   onların  etimadını  doğruldacağına  söz  vermişdir. Onun  şərəfinə 1998-ci  ildə  şəhərimizdə  “Heydər  parkı”  yaradılmışdır.

              1990-cı  illərdə  məlum  səbəblərdən  Sumqayıtın  sənaye  müəssisələrinin  istehsal  prosesində  durğunluq  yaranmışdı. Sənayenin  dirçəlməsi,  gələcək  inkişafı  üçün böyük  məbləğdə  sərmayə qoyuluşu  tələb  olunurdu. İqtisadiyyatda  yaranmış  bu  durğunluğu  aradan   qaldırmaq   üçün   H. Əliyev  xarici   investorları   Sumqayıta   cəlb   etmiş,  belə   ki,  24  mart   1999-cu  ildə  Yaponiyanın “Niçimen”  şirkətinin  maliyyəsi  hesabına  baş  tutan  EP – 300  kompleksində  buxar - generator   qurğusunun  təməlqoyma, 7  iyul  2001-ci  ildə  isə  açılış  mərasimində   şəxsən   özü   iştirak  etmişdir. 

              “Azəralüminium”  ASC-nin   Hollandiyanın  “Fondel   Metal   Partisipations”,  “Azərboru” ASC-nin  Böyük  Britaniyanın  “Tarqol İnvestment  Limited”  şirkətləri  tərəfindən  maliyyələşdirilməsi  də  H. Əliyevin  uzaqgörən  siyasətinin  nəticəsidir.

               İqtisadiyyatda  yaranmış  böhranın  aradan  qaldırılmasına  xidmət  edən  bu  kimi  tədbirlərlə  yanaşı,  bütövlükdə  Sumqayıtda  ictimai-mənəvi  iqlimin  dəyişdirilməsinə  yönəldilmiş  3  aprel  müşavirəsi  şəhər  sakinlərinin  yaddaşında  silinməz  izlər  buraxmışdır.

               3  aprel  2003-cü  ildə  Sumqayıta  sonuncu  dəfə  səfər  edən  H. Əliyev   problemlər  ilə  bağlı  proqram  xarakterli  nitqi  ilə  şəhərin gələcək  inkişafına təkan  vermiş  oldu.

              Ulu  öndər  H. Əliyev  Azərbaycana  həsr  olunmuş  bir  ömür  yaşadı. Bu  ömrün  Sumqayıt  səhifələrini  vərəqlədikcə  bir  daha  düşünürsən, − həqiqətən Sumqayıtın  inkişafı  H. Əliyevin  adı  ilə  bağlıdır.

              Ekspozisiya  zalının  tən  ortasında  sanki   Xəzərin  qumsallığında  cücərib  qol-budaq  atmış,  üzərinə  zərvərəq  çəkilmiş  Sumqayıtın  yaranmasını,  inkişafını  göstərən  rəmzi − ağac   (müəllif:  İ. Əliyev)  zalımızın  ümumi  görünüşünü  tamamlayır.